“Hyuston şəhəri Prolerə qarşı” məhkəmə işi əmək mübahisələri ilə bağlı dünyada ən məşhur işlərdən biridir.
ABŞ-də yanğınsöndürən olaraq çalışan Shayn Proler adlı şəxs karyerasına həvəslə başlasa da, sonradan böyük bir problem – qəfildən yaranan yanğın qorxusu ortaya çıxmışdır. Şəhərdə baş verən güclü yanğın zamanı o, alovdan qorxduğunu bildirərək yaşayış binasına daxil olmaqdan imtina etmişdir. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra yanğınsöndürən xəstəxanaya yerləşdirilmiş, ona amneziya diqanozu qoyulmuşdur. İşəgötürən isə artıq vəziyyəti təhlükəli hesab edərək Proleri başqa vəzifəyə təyin etmişdir. Lakin Proler əvvəlki vəzifəsinə qayıtmaq istəmiş, vəzifəsinin dəyişdirilməsi ilə ona qarşı əlil olması əsası ilə ayrı-seçkilik edildiyini iddia etmişdir. Proler şikayət vermiş və o, yanğının söndürülməsi vəzifəsinə geri qaytarılmışdır. Lakin bu dəfə Hyuston şəhəri Prolerin vəzifəyə qayıtmasına etiraz edərək yanan binalara girmək qorxusunun şəhər əhalisi üçün təhlükə yaratdığı əsası ilə onu məhkəməyə vermişdir. Məhkəmə şəhərin Prolerin əlilliyinə görə ayrı-seçkiliyə yol verdiyini müəyyən etmiş və yanğınsöndürənə 362.000 dollar dəyərində təzminat verilməsinə qərar vermişdir.
Məhkəmə işi Texas Ali Məhkəməsinə qədər gedib çatmış, məhkəmə qeyd etmişdir ki, əlillik insanların həyat fəaliyyətləri ilə əlaqədar olan müxtəlif işlərin yerinə yetirilmə qabiliyyətinin itirilməsidir, hər hansı spesifik tapşırığı yerinə yetirə bilməməsi demək deyildir. Yanğınlarla mübarizə fəaliyyəti əsas həyat fəaliyyəti deyildir, bu, yüksək ixtisaslaşmış bacarıqlar, təlim və xüsusi meyil tələb edən bir işdir. Yanan binaya daxil olmaq etmək istəməmək heç də zehni qüsur deyil, normal insan reaksiyasıdır. Belə bir istəksizlik fərdin fəaliyyət qabiliyyətini məhdudlaşdırmırsa, “həyat fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdıran vəziyyət” kimi səciyyələndirilə bilməz. Həmçinin, şəxsin əlil olmasını təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir.
Qeyd edək ki, 1990-cı il tarixli “Əlilliyi olan Amerikalılar Aktı”na əsasən, “əsas həyat fəaliyyəti” özünə qulluq etmək, əl işlərini yerinə yetirmək, görmək, eşitmək, yemək, yatmaq, yerimək, ayaq üstə durmaq, nəyisə qaldırmaq, əyilmək, danışmaq, nəfəs almaq, öyrənmək, oxumaq, diqqətini cəmləmək, düşünmək, ünsiyyət qurmaq və işləmək” deməkdir. “Həqiqi” əlilliyə malik olmaq üçün fərdin əlilliyi “əsas həyat fəaliyyətini” əhəmiyyətli dərəcədə məhdudlaşdırmalıdır.
Yekun olaraq isə, Ali Məhkəmə 362.000 dollarlıq təzminat ödənilməsi ilə bağlı məhkəmə qərarını ləğv etmiş, iş Hyuston şəhərinin qələbəsi ilə başa çatmışdır.