Türkiyə Ali Məhkəməsi maraqlı qərar qəbul edib. Belə ki, Ali Məhkəmə bütün rəsmi yazışmalarda “Times New Roman” şriftindən və şrift ölçüsü olaraq 12 punktdan istifadə edilməsi lazım olduğunu əsas gətirərək 8 punkt ölçüsündə yazılmış apellyasiya qərarını ləğv edib.
Məhkəmə qərarında əsaslandırıb ki, apellyasiya məhkəməsinin istifadə etdiyi şrift ölçüsünün çox kiçik olması tərəflərə qərarın qərarın oxunmasında və başa düşülməsində çətinlik yaratmışdır.
Qərarda göstərilir ki, Türkiyə Mülki Prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qərarları aydın, onu oxuyan tərəflərdə şübhə və tərəddüd yaratmayacaq şəkildə tərtib olunmalıdır və müvafiq qərarda orfoqrafiya qaydalarına əməl edilməməsi bu qaydanı pozur.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə rəsmi yazışma qaydaları “Rəsmi yazışmalarda tətbiq olunacaq prinsiplər və prosedurlar haqqında Əsasnamə” ilə müəyyən edilir və həmin əsasnamə bütün dövlət qurum və təşkilatlarına şamil olunur. Bu səbəbdən məhkəmə qərarları da əsasnamənin tələblərinə uyğun olaraq “Times New Roman” şrifti ilə 12 punkt ölçüsündə tərtib olunmalıdır.