Rusiyanın Omsk şəhər sakini şəxsi həyatı ilə bağlı məsələlərə kömək edəcəyinə söz verən ekstrasensləri məhkəməyə verərək təzminat tələb etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə xanımı tərəfindən tərk edildikdən sonra sarsıntı keçirmişdir. Bundan sonra o, televizorda “Altıncı Hiss” adlı təşkilatın reklamını görmüş, reklam kişiyə peşəkar ekstrasenslər tərəfindən keçmiş xanımının ona geri dönməsi, eyni zamanda bəd nəzər, ziyan və lənətlərin aradan qaldırılması vədlərini vermişdir.
Tərk edilmiş kişi isə bu şansı əldən verməmək qərarına gələrək ekstrasenslərə üz tutmuş, bağlanmış müqavilələrə uyğun olaraq onların xidmətlərinə görə 260 min rubldan çox pul xərcləmişdir. Lakin iddiaçıya heç bir xidmət göstərilməmiş və təbii ki, xanımı geri qayıtmamışdır. Bununla belə, iddiaçı ödədiyi pulları geri tələb etsə də, ekstrasenslər bundan imtina etmişdir.
Nəticədə aldadılaraq pulu əlindən alınan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarı iddiaçının lehinə olmuş və o, cavabdehdən ümumilikdə 400 min rubl məbləğində pulu (mənəvi təzminat və dövlət rüsumları daxil olmaqla) geri almağı bacarmışdır.