Şotlandiyanın Qrinok şəhərində yaşayan 59 yaşlı Keti Kelli nahar üçün yaxınlıqdakı mağazadan yemək almağa gedərkən işlədiyi biznes mərkəzinin həyətində qəzəbli qağayının hücumuna məruz qalmış, qaçmağa çalışarkən büdrədəyərək ayağını zədələmişdir. Bundan sonra o, bina rəhbərliyinə qarşı onun təhlükəsizliyinə etinasız yanaşaraq ərazidə qağayıların yuva salmasına maneə olmadığına görə 7.000 avro məbləğində təzminat tələbi irəli sürmüşdür.
Məhkəmədə dinləmə zamanı qadın: “Mən qapıdan çıxdım və pilləkənlərin sonuna çatmamış qağayı mənə tam sürətlə hücum etdi, qanadlarını açaraq birbaşa üzümə tərəf gəlirdi. Vahiməyə düşdüm. Düşündüm ki, üzümə hücum edəcək. Mən qışqırırdım, amma o getmirdi. Mən çox sarsılmışdım və dərhal ağrılar hiss etdim. Qorxudan 2 həftə işə getmədim”, – deyə bildirmişdir.
Bina rəhbərliyi iddaları rədd etmiş və bildirmişdir ki, onlar təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət yetirirlər. Yaxınlıqdakı tullantı poliqonu qağayılar üçün cəlbedicidir və onlar balaları olduqda belə hücumçu olurlar. Binanın ətrafında uçmaları isə onların binada yuva salmaları anlamına gəlmir.
Məhkəməyə çağırılan ekspertlər isə bildirmişdir ki, bu quşlar azad, vəhşi məxluqlardır və balalarını qorumaq üçün belə davranırlar. Onların balalarının tapıldığı yer isə onların hansı yuvadan gəldiyini müəyyənləşdirməyə imkan vermir. Sübutları qiymətləndirdikdən sonra məhkəmə hücum edən qağayının biznes mərkəzinin binasından gəlib-gəlmədiyini müəyyən etməyin qeyri-mümkün olması əsası ilə iddianı rədd etmişdir.