2023-cü ilin iyun ayında Kanada məhkəməsi “WhatsApp” tətbiqi vasitəsilə göndərilən “👍🏻” emojisini müqavilə şərtlərinə razılıq verilməsi kimi şərh etmişdir.
Alıcı Kent Miklboro fermer Kris Ektr ilə olan telefon danışığı nəticəsində fermerə müqaviləni “WhatsApp” tətbiqi vasitəsilə göndərmiş və “xahiş edirəm, müqaviləni təsdiq edin” mesajını yazmışdır. Fermer isə “👍🏻” emojisi ilə cavab vermiş, lakin sonradan öz öhdəliyini icra etməmişdir. Nəticədə tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır.
Alıcı fermerin “👍🏻” emojisini atması ilə onun müqaviləni təsdiqləmiş olduğunu iddia etsə də, fermer həmin emoji vasitəsilə sadəcə müqaviləni baxılmaq üçün qəbul etdiyini ifadə etdiyini qeyd etmişdir. Məhkəmə tərəflərin mövqeyini dinləyərək və işin hallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında baş tutmuş telefon danışıqları vasitəsilə fermer müqaviləyə olan marağını əvvəlcədən ifadə etmişdir. Bu proseslərin fonunda “WhatsApp” tətbiqi vasitəsilə müqavilə mətninin göndərilməsinə qarşılıq həmin emojinin göndərilməsi tərəfin müqaviləni təsdiqləməsi kimi şərh edilməlidir.