İngiltərədə doğulan bitişik əkizlər Qreysi və Rozi doğumları ilə valideynlərini çətin bir qərarla üz-üzə qoymuşdular. Belə ki, körpələrin sağlamlıq vəziyyətini dəyərləndirən həkimlər onları cərrahi yolla ayırmağa qərar vermiş, lakin valideynlər bu qərara birmənalı şəkildə qarşı çıxmışdılar. Çünki Rozi qan üçün yetərli oksigeni Qreysidən alırdı. Əgər əməliyyat baş tutsa idi, Qreysinin sağ qalma şansı 94% olacaq, Rozi isə Qreysidən asılı olduğu üçün öləcəkdi. Beləliklə, valideynlər ya onları ayıraraq onlardan birinin sağ qalmasına, ya da onları bu cür buraxıb hər ikisinin ilk doğum günlərini görmədən ölmələrinə razı olacaqdılar.
Həkimlərin məsələyə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etməsi nəticəsində hakim oksigen dəstəyinin dayandırılmasını xəstənin mənafeyinə uyğun hesab edərək əkizlərin ayrılmasının cinayət (qəsdən adam öldürmə) hesab olunmadığına və beləliklə də əməliyyatın baş tutmasının qeyri-qanuni olmadığına qərar vermişdir.
Məhkəmə qərarından narazı qalan valideynlər apellyasiya şikayəti versə də, apellyasiya məhkəməsi qeyd etmişdir ki, işdə son zərurət vəziyyəti mövcudur, bu səbəbdən əməliyyat baş tutmalıdır. Nəticədə əməliyyat 20 saat davam etmiş, Qreysi sağ qalmış, Rozi isə təəssüf ki, oksigen çatışmazlığı səbəbindən vəfat etmişdir.