Vaşinqtonda “54 milyon dollarlıq şalvar” işi kimi də tanınan bu iş 2005-ci ildə inzibati məhkəmənin hakimi olan Pearson adlı şəxsin Vaşinqtonda yerləşən camaşırxanalardan birinin sahibi Ki Y. Chung adlı şəxsi məhkəməyə verməsi ilə bağlıdır. İddiaçı camaşırxananın şalvarını itirdiyini və onu oxşar başqa bir şalvarla əvəz etdiyini iddia etmişdir. Cavabdehlər iddiaçının iddialarını rədd edərək bildirmişdirlər ki, iddiaçıya qaytardıqları şalvar elə camaşırxanaya gətirilən şalvar olmuşdur.
Pearson şalvarının itməsindən sarsıntı və əzab keçirdiyini bildirərək vəkil ödənişləri də daxil olmaqla, qarşı tərəfdən ilkin olaraq 67 milyon dollar, daha sonra məbləği azaldaraq 54 milyon dollar tələb etmişdir. O hətta məhkəmə iclası zamanı şalvarının itirilməsinin səbəb olduğu məyusluğu izah edərkən göz yaşlarına boğulmuşdur. 2 il əvvəl itən şalvarı üçün milyonlarla dollar tələb etməsini isə iddiaçı belə izah etmişdir: “Qanun mənə itirdiyim mallara görə gündə 150-200 dollar məbləğində kompensasiya almaq hüququ verir. Mənim şalvarım isə 1.200 gündür ki, itib. Üstəlik, mağazada “müştəri məmnuniyyətinə zəmanət verilir” yazısı asılmışdı. Lakin göstərilən xidmət məni qane etmədi”.
Məhkəmə yekun qərarında təzminat tələbini əsassız hesab etmiş və heç bir şalvarın 54 milyon dollar dəyərində ola bilməyəcəyini qeyd edərək iddia tələbini qəbul etməmişdir. Həmçinin məhkəmə tərəfindən illərlə davam edən iş üçün 1.000 dollar məbləğində olan məhkəmə xərclərinin iddiaçı tərəfindən ödənilməsinə qərar verilmişdir.