Frans Kafka – “Məhkəmə” (1914)

Bu roman Kafka tərəfindən yazılmış, lakin tamamlana bilməmişdir. Kitab isə Frans Kafkanın ölümündən sonra, 1925-ci ildə çap olunmuşdur. Zavallı bəşər övladının dərkolunmaz sirli qüvvələr qarşısında acizliyi, həmişə onların qurbanına çevrilməsi romanın əsas ideyasını təşkil edir. …Otuz yaşı tamam olan günü, heç bir günah işlətməsə də, vicdanlı, işgüzar bank məmuru Yozef K. həbs olunur və iş gedib məhkəməyə çıxır. Yozef K. günahsız olduğunu bilsə də, baş verənlərə soyuqqanlılıqla yanaşmağa çalışsa da, bu xəbərdən sonra nə yaşadığı evdə, nə də işdə rahatlıq tapa bilmir, daim bu gizli, qeyri-adi məhkəmə barədə düşünür. Burada hamı günahkardır və heç kəsin günahı üzünə oxunmasa da, hamı cəzasını çəkməlidir. Bütün bu vaxt ərzində, o, həbs olunmasının səbəbini anlamağa çalışır, amma ətrafda mövcud olan bürokratik mühitdən buna nail ola bilmir. İlk günlər bu məhkəmədən lap tezliklə canını qurtaracağına əmin olan Yozef yalnız özünü müdafiə etməklə kifayətlənmir, oradakıları cəsarətlə tənqid edir, “qanun keşikçilərini” qanunsuzluqda günahlandırır. Səhnələrin birində Yozefin kilsədə təsadüfən rastlaşdığı həbsxana keşişi ona idarə qarşısında düzgünlüyünü sübut etməyi rəmzi ifadə edən “qanun qarşısında” əfsanəvi əhvalatını danışır. Lakin onun daxilində baş qaldırmış etiraz hissləri tədricən zəifləməyə başlayır və o da axırda bu müəmmalı məhkəmənin sehrinə düşür, sakit, rahat həyatı öz məcrasından çıxır, daxilində baş qaldırmış narahatçılıq, günah hissləri onu hətta çağırılmayanda da ora aparır, çünki bu gözəgörünməz məhkəmə artıq onun iradəsini, ağlını əlindən alıb, sehrləyib, öz əsirinə çevirib…

Leave a Reply

Your email address will not be published.