Bu gün sizə məhkəməyə ən çox iddia vermiş şəxsdən – Conatan Li Riçesdən danışacağıq. Belə ki, o, 2006-cı ildən bəri ABŞ məhkəmələrində 2600-dən çox iddia qaldıraraq ümumilikdə 8 milyon dollara yaxın təzminat alıb.
O, ilk iddiasını ona yaxşı baxmadığını əsas gətirərək anasına qarşı irəli sürüb və 20 min dollar təzminat qazanıb. Bu başlanğıc onu o qədər ruhlandırıb ki, o, dostunu, qonşusunu, nişanlısını, hakimləri, bir çox məşhur şirkətləri, hətta Corc Buş və Britni Spirsi də məhkəməyə verib. Bu iddialarla kifayətlənməyən Conatan, təbii ki, Adolf Hitlerin Nasional Sosialist Partiyasına, Skandinav tanrılarına, Platona, Nostradamusa, Çe Qevara, Linkoln Memorialına və Eyfel qülləsinə qarşı da iddia qaldırmaqdan çəkinməmişdir. Bir qədər sonra məhkəmə işləri toplusundan ibarət kitabını Amazonda satışa çıxarmaqla isə o bu qəribə məşğuliyyətini əlavə gəlir mənbəyinə çevirmişdir. Ginnesin Rekordlar Kitabı 2010-cu il nəşrində “dünyanın ən ixtilaflı insanı” ünvanı üzrə Conatan Li Riçesi rekordçu kimi qeydə almışdır. Lakin Ginnesin Rekordlar Kitabına düşməsi Conatanı qəzəbləndirmiş və o bura qarşı iddia qaldırmışdır. Müvafiq iddianın əsası kimi isə şəxsi həyatın icazəsiz şəkildə kitabda yerləşdirilməsi qoyulmuşdur. Conatan məhkəməyə müraciətində bildirmişdir ki, Ginnesin Rekordlar Kitabının onun məhkəmə mübahisələrini dərc etməyə hüququ yoxdur. İddiaçı həmçinin qeyd olunan işlərin sayının düzgünlüyünə də etiraz edərək, məhkəmə işlərinin sayının 2.600 deyil, 5.000-dən çox olduğunu iddia etmişdir. Məhkəmə iclasında Ginnesin Rekordlar Kitabının dəfələrlə ondan razılıq istədiyini bildirən “rekordçu” iddia edilən qeyri-dəqiqliklər səbəbindən razılıq vermədiyini söyləmişdir. Bundan əlavə, iddiaçı Kitabda ona verilən “Sue-per-man” (ingilis dilində iddia qaldırmaq, məhkəməyə vermək deməkdir), “Lord of Cases” və “Johnny Sue-nami” kimi adlardan da narazılığını ifadə etmişdir. İşin yekununda Conatan bu işdə də qalib gələrək Ginnesin Rekordlar Kitabından 50.000 ABŞ dolları məbləğində təzminat almışdır.