Böyük Britaniyada McGowan adlı bir xanım radioda yayımlanan müsabiqədə iştirak etməyə qərar vermiş, müsabiqəni təşkil edən radio kanalı “Buxton” isə müsabiqənin qalibini mükafat kimi “Renault Clio” avtomobilinin gözlədiyini bildirmişdir. Müsabiqənin sonunda ona verilən bütün sualları doğru cavablayan qadın canlı yayımda spiker tərəfindən müsabiqənin qalibi elan edilmişdir.
Ertəsi gün o, hədiyyəsini götürməyə gedəndə radio şirkəti gerçəyi əvəzinə qadına avtomobilin plastik oyuncağını vermiş, hadisədən hiddətlənən qadın dərhal radio şirkətini məhkəməyə vermişdir. Məhkəmədə cavabdeh şirkət xanım McGowan ilə baş tutan razılaşmanın heç bir hüquqi qüvvəyə malik olmadığını iddia etmişdir.
Məhkəmə isə qərara almışdır ki, razılaşmada hüquq münasibətlərinin yaranması üçün konkret niyyət mövcud olmuşdur. Buna görə də mükafatın verilməsinə dair razılaşma öhdəlik yaradan bir müqavilə kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə faktları araşdırdıqdan sonra müsabiqənin radio kanalı “Buxton”u tanıtmaq məqsədi daşıdığı, xanım McGowanun isə gerçək “Renault Clio” mükafatına görə müsabiqəyə qatıldığı qənaətinə gəlmişdir.
Məhkəmə hesab etmişdir ki, yayımdakı razılaşma məzmun etibarilə mükafatın hər hansı oyuncaq avtomobil olacağına işarə etmədiyindən “Buxton” razılaşma üzrə öz vədini yerinə yetirməli idi.
Beləliklə, məhkəmə işi şirkət tərəfindən xanım McGowana “Renault Clio” dəyərində (28.000 ABŞ dolları) dəymiş ziyanın ödənilməsi ilə yekunlaşmışdır.