Tanzaniyada safari zamanı ovçu qrupunun bir üzvü 60 metr məsafədə şir ilə qarşılaşmış, şir dolama yol boyunca iddiaçını qovmuşdur. Ovçu şirə 1 dəfə atəş açmış və ikinci atəş üçün şirin 7 metr yaxınlaşmasını gözləyərək onu sol çiynindən nişan almışdır. Atəş şirin körpücük sümüyünə dəymiş, lakin şir zərbəyə məhəl qoymayaraq hücuma davam etmiş və bir neçə saniyə içərisində tullanaraq ovçunu parçalamışdır. İddaçı təyyarə ilə xəstəxanaya çatdırılaraq xilas edilmiş və güllə istehsalçısı “Cartridge Co” şirkətini məhkəməyə vermişdir.
İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, fil və ya kərgədan kimi qalın dərili heyvanı vurmaq üçün istifadə edilən bu güllələr nazik dərili pişikkimiləri vurmaq üçün əlverişsiz olması barədə xəbərdarlıq daşımalı idi. O, bu əsasla cavabdehi səhlənkarlıq, güllənin tərtibatındakı qüsur və zəmanətlə bağlı öhdəliyin pozulmasında ittiham etmişdir.
Bununla birlikdə, iddiaçı tərəfindən məhkəməyə iddiaları təsdiq edən zəruri sübutlar təqdim olunmamışdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi dəlillər “Bear Claw” gülləsinin qüsurlu olduğunu sübut etməyə yetərli deyil. Bundan əlavə, məhsulunun istifadəçiləri üçün mövcud təhlükələr barədə məlumatı olan istehsalçı bu təhlükələr barədə onlara xəbərdarlıq etməyə borcludur. Lakin istehsalçının özlüyündə təhlükəli olmayan və ya istifadəçi üçün aşkar olan təhlükələrlə bağlı xəbərdarlıq etmək vəzifəsi yoxdur. Məhkəmə sonda qeyd olunan səbəblərdən cavabdehin təqsirli olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.