2009-cu ildə ABŞ-nin İllinoys ştatında Ronald Ball adlı şəxs aldığı “Mountain Dew” içkisindən ölü siçan çıxdığını iddia etmiş və 75.000 dollardan çox təzminat tələb edərək sərinləşdirici içki nəhəngi “PepsiCo”nu məhkəməyə vermişdir.
Ballın iddialarına cavab olaraq “PepsiCo” məhkəməyə diqqətçəkən əsaslandırması olan müdafiə ilə heyvan patologiyası üzrə ixtisaslı baytar həkim Lawrence McGill tərəfindən verilən rəyi təqdim etmişdir.
Dr. McGill rəyində göstərmişdir ki: “Siçan 30 gün və ya daha çox müddət ərzində “Mountain Dew” kimi qazlı qarışığın tərkibindəki turşulu mayenin içində qaldıqdan sonra elə parçalanar ki, heç bir hissəsi (quyruğun bir hissəsi istisna olmaqla) tanınmaz və buna görə də heyvanın özü də tanınmaz hala gələr. Əvəzində mayedə 30 gün qaldıqdan sonra siçan jeleyə bənzər bir maddəyə çevrilmiş olar. Həmçinin tapılmış heyvanın daxili orqanlarının vəziyyətinə görə demək mümkündür ki, içki istehsal ediləndə o hələ doğulmamışdı”. Bununla birlikdə “PepsiCo” öz müdafiəsində siçanın 15 ay qutuda qalmasının onu jele kimi etmək üçün kifayət qədər çox olduğunu göstərmiş və vurğulamışdır ki, qeyd edilən səbəblərdən içki istehsal edildiyi tarixdən etibarən siçanın onun tərkibində olması ehtimalı yoxdur.
Eyni şəkildə, Rochester Universiteti Tibb və Stomatologiya Məktəbindən Dr. Yan-Fanq Ren də “Mountain Dew” kimi sərinləşdirici içkinin suya batırılmış bir siçanı həll edə biləcəyini və geridə yalnız bir qədər yumşaq toxuma buraxa biləcəyini söyləmiş və əlavə etmişdir ki, “Mountain Dew” və “Sprite” kimi qazlı içkilər diş minasını digər içkilərə münasibətdə 6 dəfə daha tez aşındırır. O, həmçinin bildirmişdir ki, bu içkilər siçanı əridə bilsə də, onu yox edə bilməz, ondan geriyə kollagen və yumşaq toxuma hissəsi qalar.
Məhkəmə işi tərəflərin ictimaiyyətə açıqlanmayan məbləğdə əldə etdikləri razılıq ilə başa çatmışdır.