“Cassis De Dijon” kazusu

Avropa İcmalarının Ədalət Məhkəməsi və ya Avropa Ədalət Məhkəməsi — Avropa İttifaqının ali məhkəmə orqanıdır. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa İttifaqı qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir.
Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşir. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. 2003-cü ildən bu vəzifəni Vasiliyos Skoris həyata keçirir.
İndi isə Avropa Ədalət Məhkəməsinin ən məhşur keyslərindən biri olan 1979-cu il və 120/78 saylı “Cassis De Dijon” adlı qərarına və məhkəmin hüquqi əsaslandırmasına nəzər yetirək.

Faktlar:

Rene-Zentral Almaniya Federasiyasının Avropa İttifaqının digər üzv ölkələrindən mal idxal edən mərkəzi kooperatividir. 14 Sentyabr 1976-da Rene-Zentral Bundesmonopolverwaltung-dan (Spirtli İçkilərin Monopoliyasının Federal Administrasiyası) “Cassis De Dijon” adlı fransız likörünün idxalına icazə istədi. Lakin Bundesmonopolverwaltung “Cassis De Dijon” likörünün Almaniyaya gətirilməsinə icazə vermədi, çünki həmin dövrdəki Almaniya qanunvericiliyinə əsasən daxili bazarda yalnız alkoqol həcmi 25%-dən yuxarı olan likörlər satıla bilərdi. Qeyd edək ki, “Cassis De Dijon”un alkoqol həcmi 15-20% arasında idi.

Mübahisənin predmeti:

Bu imtina TFEU-nun (Treaty on Functioning of European Union) 34-cü maddəsini pozurdumu?

Məhkəmənin cavabı:

Bəli.

Əsaslandırma:

TFEU-nun 34-cü maddəsinin tələbi- “Üzv dövlətlər arasında idxalda kəmiyyət məhdudiyyətləri (quantitative restrictions) və ekvivalent təsir göstərən bütün tədbirlər qadağandır”. Məhkəmə spirtli içkilərlə bağlı Almaniya qanunvericiliyinin yuxarıda göstərilən tələbini “idxalda kəmiyyət məhdudiyyəti” kimi tanıdı. Qeyd edək ki, üzv ölkələr yalnız TFEU-nun 36-cı maddəsində nəzərdə tutulmuş ictimai qayda ilə bağlı səbəblərdən irəli gələrək 34-cü maddənin pozuntusuna haqq qazandıra bilərlər. Bu səbəblər sırasında ictimai təhlükəsizliyin, əhalinin sağlamlığının, ətraf mühitin qorunmasını fərqləndirmək olar. Lakin Almaniya qanunvericiliyində spirtli içkilərin alkoqol həcmi ilə bağlı həmin müddəanın bu səbəblərin heç biri ilə uzlaşmadığı məhkəmə tətfindən qeyd olunur.

Son olaraq məhkəmə öz qərarı ilə bu kimi mübahisələrin gələcəkdə də baş verməsinin qarşısını almaq və Avropa İttifaqı üçün vahid bazarın yaradılması yolunda növbəti addımı atmaq məqsədi ilə prezumpsiya şəklində “qarşılıqlı tanıma” (mutual recognition) adlı prinsip yaratmışdır. “Qarşılıqlı tanıma” prinsipinə görə əgər bir məhsul bütün qanuni tələblərə cavab verərək üzv ölkələrdən birnin daxili bazarında satıla bilirsə, deməli, o, digər üzv ölkələrin də daxili bazarında satıla bilər. Təbii ki, məhkəmə bu prinsipi bir imperativ norma kimi yox, prezumpsiya kimi yaratmışdır və üzv ölkələr 36-cı maddədə göstərilən səbəblər olduqda bu prinsipdən kənara çıxaraq fərqli tənzimləmələr həyata keçirə bilərlər.

Leave a Reply

Your email address will not be published.