Əgər Siz məişət zorakılığına məruz qalmısınızsa, ilk olaraq ərazi üzrə polis bölməsinə yaxınlaşaraq baş verən halla bağlı şikayət ərizəsi yaza bilərsiniz. Məişət zorakılığı törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə, habelə əgər şəxsin əməlində cinayət tərkibi mövcuddursa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilə bilər.
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə yerli icra hakimiyyəti orqanları tərəfindən baxılır. Beləliklə, məsələ ilə bağlı olduğunuz yer üzrə yerli icra hakimiyyətinə müraciət edə bilərsiniz. Bu halda yerli icra hakimiyyəti orqanı şikayətinizə baxaraq sizi yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edə, qısamüddətli mühafizə orderi verə, uzunmüddətli mühafizə orderinin verilməsi, valideynlik hüququndan məhrum edilmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə əlaqədar məhkəməyə müraciət edə, şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edə bilər.