Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
1)əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
2)əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Misal çəksək, işçinin aprel ayı üzrə əməkhaqqısı 900 manatdır. Aprel ayı üzrə 19 iş gününün olmasını nəzərə alsaq, ay ərzində normal iş saatı 159 saat (8 saat x 19 iş günü + 7 saat qısaldılmış iş saatı) təşkil edir. Deməli, aprel ayı üzrə işçinin bir saata düşən əməkhaqqısı 5,66 manatdır. İşçi aprel ayı ərzində 2 saat işə çəlb edildiyi halda, ona 22,64 manat (5,66 manat x 2 saaat x 2 misli) məbləğində əlavə əməkhaqqı ödənilməlidir.
Əlavə olaraq qeyd edək ki, əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Digər tərəfdən iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir, bu zaman hər bir halda ödəniş edilməlidir.