Nikah aşağıdakı hallarda etibarsız, yəni saxta nikah hesab olunur:
1. Nikaha daxil olmaq istəyən şəxslər nikah yaşına (18 yaş, qanunla nəzərdə tutulan hallarda 17 yaş) çatmamışdırlarsa;
2. Nikah 1) yaxın qohumlar; 2) övladlığa götürülənlər və götürənlər; 3) ikisi və ya ikisindən biri başqa şəxslə nikahda olan şəxslər; 4) müvafiq xəstəliklər üzrə tibbi müayinədən keçməyən şəxslər; və ya 5) ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanmışdırsa;
3. Nikah ailə qurmaq niyyəti olmadan bağlanmışdırsa.
Həmçinin, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Bununla birlikdə nəzərə alınmalıdır ki, nikahın etibarsızlığı barədə iddia qaldırıldığı zaman məhkəməyə yuxarıda qeyd edilən əsasların mövcudluğu barədə zəruri sübutlar təqdim edilməlidir. Belə ki, iki il əvvəl iki şəxs Türkiyədə rezidentura təhsili almaq, daha güzəştli şərtlərlə yaşamaq üçün saxta nikah bağlamış, lakin ərin rezidenturaya qəbul olmaq üçün verdiyi imtahandan kəsilməsi səbəbindən ər nikahın etibarsızlığı barədə iddia qaldırmışdır. Lakin nə birinci instansiya, nə apellyasiya, nə də Ali Məhkəmə iddianı təmin etməmiş, əsas olaraq isə tərəflərin ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri, xüsusən də nikahın xaricə getmək məqsədli olması barədə zəruri sübutların məhkəməyə təqdim edilməməsi, iddianın yalnız formal mülahisələrdən ibarət olması göstərilmişdir.