Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, vərəsəlik hüququnun hər hansı prosedur tələblərin müəyyən müddətdə həyata keçirilməməsi əsası ilə xitam edilməsi şəxsin mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Bu hüququn xüsusi qəbul müddətindən asılı olması mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
Əgər şəxs bu hüququndan imtina etmək istəyirsə, qanunda göstərilən müddətdə mirasın qəbulundan imtina edir və bu, şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar olduğundan notariat qaydasında rəsmiləşdirilir.
Nəticə olaraq sadə dildə desək, artıq qanunvericlikdə belə bir tələb yoxdur ki, vərəsə mirası vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində qəbul edə bilər və miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan sonra vərəsə mirasdan 3 ay ərzində notariat qaydasında imtina etməzsə, mirası qəbul etmiş hesab ediləcəkdir.
Qeyd edək ki, bu Qərar 26 dekabr tarixindən sonra yaranacaq vərəsəlik münasibətlərinə və bu tarixə qədər məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə tətbiq edilir. İstinad: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.