Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, əgər sizin ayrıca mülkiyyətiniz hesab olunan, satılan evin dəyəri alınan evin dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, onda həmin satılan evin dəyərinə bərabər hissədə əmlak sizin öz mülkiyyətiniz hesab olunacaq, geri qalan məbləğ ümumi mülkiyyət hesab olunduğundan qarşı tərəflə aranızda bölünəcək. Əksinə, satılan evin dəyəri alınan evin dəyərinə bərabər və ya ondan artıqdırsa, alınan ev bütünlükdə sizin ayrıca əmlakınız kimi qiymətləndirilə, yəni qarşı tərəflə bölünməyə bilər.
Bunu aşağıdakı misalla izah edə bilərik:
Sizin ayrıca mülkiyyətinizdə olan 30 000 manat dəyərində evi satıb 40 000 manata ev almısınızsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, o halda satılmış evin dəyərinə bərabər olan hissədə əmlak sizin öz mülkiyyətiniz hesab olunacaq, qalan 10 000 manatlıq hissəyə münasibətdə isə ümumi əmlak kimi bölünəcək. Həmin evi satıb 20 000 manatlıq ev aldığınız halda isə ev bütünlükdə sizin öz əmlakınız hesab edilə bilər.
İstinad: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarı.