Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericiliyin müəyyən etdiyi forma tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
İstinad: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarı.