Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, əgər şəxs məhkəmə qərarını yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra yenə də öhdəliyini qərəzli olaraq icra etməməyə davam edirsə, bu halda o, cinayət məsuliyyətinə cəlb edilə bilər.
Belə ki, əgər məhkəmənin qərarında başqa bir müddət göstərilməyibsə, icra məmuru borcluya 10 gün müddətində könüllü icra üçün vaxt verir və bu barədə ona bildiriş göndərir. Borclu icra sənədini müəyyən olunmuş müddətdə icra etmədikdə icra məmuru məcburi icra tədbirləri tətbiq edir. Bu tədbirlərin tətbiqindən sonra da icra sənədi icra edilmədikdə icra məmuru şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edir və müvafiq məhkəməyə göndərir. Bu zaman icra məmuru borcluya yeni müddət təyin edir. Əgər icra sənədi yenə də qərəzli şəkildə yerinə yetirilməzsə, məhz bundan sonra icra məmuru borclu barədə cinayət məsuliyyəti tətbiq olunması üçün baş icra məmurunun təsdiqi ilə ibtidai istintaq aparan orqana təqdimat verir.
Onu da qeyd edək ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yaranır. İcra etməmə o halda qərəzli olur ki, şəxsə rəsmi şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir.