Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) inzibati məsuliyyətə səbəb olur.
Yəni əgər sizin ümumi mülkiyyət hüququna dair şəhadətnaməniz varsa, həmin nəqliyyat vasitəsini etibarnaməsiz idarə edə bilərsiniz. Bu halda Dövlət Yol Polisi tərəfindən ər və ya arvaddan hər hansı etibarnamə tələb edə bilməz və etibarnaməsiz avtomobilin idarə edilməsi hər hansı inzibati məsuliyyətə səbəb olmamalıdır.
Ümumi mülkiyyət hüququna dair şəhadətnaməyə münasibətdə isə qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə görə, notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.
İstinad: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli Qərarı.