“Ölüm məhbusunun son günü”- Viktor Hüqo

“Ölüm məhbusunun son günü” Viktor Hüqonun 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciəvi gerçəkliyini göz önünə sərməkdir. Edam sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca təsirli olan bu əsər, xüsusilə də məhkumun kiçik qızı ilə olan görüş səhnəsi ilə insanda qəribə bir əhval yaradır. Kitabda məhkum: “Bir müddət öncə mən də hər kəs kimi bir insan idim” – deyir. Lakin bu müddət ərzində o, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Bu ifadələr öz ölümünü gözləmənin insan üzərində yaratdığı təsirin bir nümunəsidir. Bəli, edamı qorxunc qılan, başın Gilyotin adı verilən xüsusi bir mexanizma arasında kəsilməsi ilə yanaşı, həm də insanın, onun üçün müəyyənləşdirilmiş bir ölüm gününü bilməsi və gözləməsidir. Ölüm hər kəs üçün var. Kitabda belə bir cümlə mövcuddur: “Əslində hər kəs, günü naməlum bir ölümün məhkumudur.” Lakin öləcəyimiz anı bilmək, hətta ölümün özündən belə daha qorxuncdur.

Leave a Reply

Your email address will not be published.