“AZAL” səmanı bütün aviaşirkətlər üçün açdı!

Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.
Bu, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edilib ki, 1 yanvar 2020-ci il tarixindən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

Əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.

Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar.

Bu xarici aviaşirkətlərin Azərbaycana uçmaq marağını artıracaq, onlar üçün yeni bazarlar açacaq, həmçinin sərnişin axınının və turistlər üçün cəlbediciliyin artırılması üçün imkanı yaradacaq.

Xarici aviaşirkətlərin gəlişi Azərbaycan vətəndaşları üçün daha çox səyahət imkanları yaradacaq, sərnişinlər yaxın və uzaq xarici ölkələrə birbaşa reyslərin geniş seçiminə sahib olacaq.

Leave a Reply

Your email address will not be published.