Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarı

L.Ramazanova yeni doğulmuş oğlunun doğumunun dövlət qeydiyyatına alınması ilə əlaqədar qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin həmin qeydiyyat şöbəsində uşağın doğumunun qeydiyyata alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi uşaq üçün seçilən “Muhammed” adının yazılış qaydası olmuşdur. Belə ki, qeydiyyat şöbəsi “Muhammed” adının Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyini bildirilmişdir. Bununla da övladının doğumunun “Muhammed” adı ilə qeydə alınmasından imtina edilmişdir.

L.Ramazanova Bakı İnzibati Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət versə də, şikayəti təmin olunmamışdır. Nəticədə, L.Ramazanova Ali Məhkəmənin qərarının konstitusiyaya zidd olması barədə Konstitusiya Məhkəməsinə şikayət vermişdir.

İddiaçının sübutlarına görə, iddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019-cu ildə 4, 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Buna baxmayaraq, hər üç instansiya məhkəməsi bu faktla bağlı hüquqi mövqeyini bildirməmişdir.

Ərizəçi hesab edir ki, onun övladının adının Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilməməsinin hüquqi əsası yoxdur.

Ərizəçinin qənaətinə görə, Ali Məhkəmə sübutların düzgün qiymətləndirilməməsi, qanunvericiliyin səhv tətbiq edilməsi barədə dəlillərini araşdırmamaqla, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, ədalətli məhkəmə araşdırılması və səmərəli hüquqi müdafiə vasitələri hüquqlarını pozmuşdur.

Konstitusiya Məhkəməsinin qənaətinə görə, Ali Məhkəmənin qərarı şəxsi toxunulmazlıq hüququ və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqlarını, həmçinin prosessual müddəaları pozur, buna görə də müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılmalıdır.

#ProdemosAzerbaijan #ELSAAzerbaijan#AzerbaijaniBarAssociation #Dövlət #Qanun #Hüquq#Məhkəmə

Leave a Reply

Your email address will not be published.