ƏDV-ni necə geri almaq olar?

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilmiş, həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilmişdir. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir.
ƏDV-nin geri qaytarılması prosesi isə “edvgerial.az” portalı vasitəsilə həyata keçirilir. İstehlakçı həmin portalda şəxsiyyət vəsiqəsinin məlumatları və mobil nömrə ilə qeydiyyatdan keçərək alınan malın kassa çekinin üzərindəki tarixdən 90 gün ərzində çekdəki 12 saydan ibarət fiskal ID nömrəsini daxil etməklə çeki sistemə yükləyir. Bundan əlavə, çekin üzərindəki QR kodu “BirBank” mobil tətbiqi vasitəsilə oxutmaqla bu xidmətdən daha rahat yararlanmaq mümkündür.

İstehlakçının aldığı malı 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququ olduğundan daxil edilən kassa çeki “gözləyən” statusunda qalır və həmin müddət başa çatdıqdan sonra aktivləşir. Sonradan isə məlumat müvafiq banka göndərilir və sonuncu tərəfindən 30 gün müddətində vəsait istehlakçıya qaytarılır.

Alınan malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə, ödəniş avans şəklində olduqda, həmçinin geri qaytarılmalı ƏDV məbləği 0.01 manatdan aşağı olarsa (alış məbləği 0.66 manatdan aşağı) ödənilən ƏDV geri qaytarılmır.

Əgər istehlakçı malı POS-terminal vasitəsilə nağdsız qaydada alırsa, həmin qurğunun nəzarət-kassa aparatına inteqrasiya olunub-olunmadığı dəqiqləşdirilməlidir. Olunmayıbsa, kassa çekindən əlavə, POS-terminaldan çıxarış da tələb etməlidir ki, ödənişin nağdsız qaydada həyata keçirildiyini təsdiqləyə bilsin.

Portala daxil edilən ƏDV məbləği elektron kabinet yaradılan zaman aktiv olan virtual “pul qabı”na yerləşdirilir. Həmin vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirməklə yanaşı, ölkədaxili bank kartlarına köçürmələr də etmək mümkündür.

#ProDemos#XalqÜçün#AzerbaijaniBarAssociation#ELSAAzerbaijan

Leave a Reply

Your email address will not be published.